Dr. Lalə Həsənova: Üz siniri iflici

Üz siniri iflici

 

Üzün hər bir yarısının əzələləri beyin kötüyünün müvafiq yarısından başlanğıcını götürən üz siniri və ya 7-ci sinir adlanan sinir tərəfindən hərəkətə gətirilir. Üz sinirinin üz əzələlərindən başqa tüpürcək vəzlərinə, göz yaşı vəzinə və dilin ön hissəsinə (dad duyğusu) gedən incə şaxələri də vardır. Üz siniri iflici sözü gedən sinirin müxtəlif səbəbdən zədələnməsi nəticəsində üzün həmin yarısının  əzələlərinin iflici, zəifləməsidir.

Əlamətləri

Üz sinirinin iflici üzün bir yarısının əzələlərinin işləməməsi nəticəsində digər yarısının əzələlərinin yığılması ilə üzün  (xüsusən ağız bucağının) sağlam tərəfə doğru çəkilməsi, həmçinin nitqin çətinləşməsi, iflicli tərəfdə gözün tam bağlanmaması, gözün yaşarması, qidalanma zamanı qidanın ağızdan tökülməsi  və s.kimi əlamətlərlə müxtəlif dərəcədə özünü biruzə verir. Üz sinirinin bir şaxəsinin də dad hissiyyatına cavabdeh olması səbəbi ilə bəzi xəstələrdə dad hissiyyatının pozulması, xoş olmayan, məsələn, metal dadının hiss edilməsi kimi şikayətlər ortaya çıxa bilir.

Xəstəliyin yaranma səbəbi

Herpes zoster virus infeksiyası, Guilliain-Barre sindromu, Autoimmun proseslər, Lyme xəstəliyi, travma, orta qulaq iltihabı, sarkaidoz, yenitörəmə və s.

Xəstəliyin inkişafı

Adətən sürətli inkişafa malikdir. Xəstələrin əksəriyyəti səhər yuxudan oyandığında, ayna qarşısına keçərkən üzün bir tərəfə doğru əyilməsinin şahidi olurlar və bunu insult (el arasında paralic kimi tanınan beyin qan dövranının pozulması) zənn edirlər. Bəzi xəstələr gün ərzində üzdə, ağız kənarında keyləşmə, su içərkən suyu ağızda saxlamaqda çətinlik çəkmə şikayətləri ilə xəstəliyi aşkar edirlər. Qulaq arxasında, boyunda ağrının olması da xəstəliyin başlanğıc əlaməti ola bilir, lakin çox zaman xəstələr tərəfindən gözardı edilir.

Kimlər risk altındadır

  • Hamiləliyin sonuncu trimestrində olanlar
  • Metabolik xəstəliyi olanlar (məsələn şəkərli diabet)
  • İmmun sistemi zəif olanlar

Xəstəliyin diaqnostikası

Xəstəliyin diaqnozunun qoyulması üçün çox zaman nevroloq tərəfindən ətraflı müayinə kifayət edir. Lakin üzün siniri iflicinə səbəb ola biləcək digər xəstəliklərə şübhə olarsa, diaqnozu dəqiqləşdirmək üçün laborator və funksional müayinə üsullardan da istifadə edilir.

Müalicə

Xəstəliyin müalicəsi medikamentoz və fizioterapiya vasitəsilə həyata keçirilir. Bu zaman xəstələrə soyuq havada baş və boyun nahiyələrinin isti saxlanılması, üz əzələləri üçün xüsusi gimnastik məşqlər, gözün açıq qalması zamanı göz quruluğunun aradan götürülməsi üçün göz damlaları istifadəsi  məsləhət görülür.

Leave a reply